вторник

Daməd İmanov

Abşeronun Dəniz Neft Donanması dağılır

Abşeronun Dəniz Neft Donanması dağılır
Daməd İmanovsa öz kefindədir
25.04.2012 / 15:52




Bu gün respublikamızda iqtisadiyyatın dinamik inkişafının əsası məhz neftçıxarma və neft emalı sənayesi ilə qoyulmuşdur. Məlum olduğu kimi Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzərin Azərbaycana aid hissəsində isə mütəxəssislərin rəyinə görə 3-5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Təbii ki, istər indi, istərsə də gələcəkdə dənizdə istismar olunacaq yataqların işlənməsi isə Xəzər Dəniz Neft Donanmasının xidməti olmadan qeyri mümkündür. Balansında 263 gəmi olan Neft Donanmasının tərkibinə 6 struktur bölmə daxildir ki, onlardan biri də Abşeron Rayon Dəniz Neft Donanma İdarəsidir.


Təbii ki, Donanamanın səmərəli fəaliyyət göstərməsi, ölkə iqtisadiyyatının inkişafına daha dəyərli töhvələrini verə bilməsi üçün bu təşkilatın bütün struktur bölmələrində məhsuldar iş təşkil olunmalıdır. Və əlbəttə ki, bu baxımdan XDND-nin ayrı-ayrı bölmələrinə rəhbərlik edən şəxslərin üzərinə xüsusilə böyük məsuliyyət düşür. Lakin təəssüflər olsun ki, bu gün heç də bütün idarə rəhbərlərinin üzərilərinə düşən bu vəzifələrin öhdəsindən layiqincə gəldiklərini söyləmək olmur. Qəzetimizin ötən saylarında biz Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin(ARDNDİ) rəisi Daməd İmanovun öz işində yol verdiyi ciddi nöqsanlar barədə məlumatlar əks olunmuş materiallar dərc etmşdik. Redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış həmin materiallarda bildirilirdi ki, D.İmanov şəxsi qazanc əldə etmək məqsədilə ARDNDİ-nin balansında olan sahil tikililərinə, damba və priçallara, hətta donanmanın gəmilərinə qarşı belə əsil talançılıq münasibəti nümayiş etdirir. Belə ki, həmin məlumatlarda sahil doklarının əksər metal konstruksiyalarının Daməd müəllimin göstərişi ilə sökülərək taxta materialla əvəz olunduğu,  gəmilərdə isə mis kabellərin dəyişdirilərək alüminiumla əvəz olunmaları bildiriılirdi. Təbii ki, bu əməliyyatlar minlərlə ton qara metal və kilometrlərlə uzunluqda mis məftil əldə olunması ilə nəticələnir. Amma bu “gəlirli” fəaliyyətin donanama idarəsi və gəmilər üçün çox ağır nəticələri ola bilər.


Lakin Daməd müəllimin öz işində yol verdiyi nöqsanlar bununla tamamlanmır. Tənqidi materialların dərcindən az sonra redaksiyamıza D.İmanovun yol verdiyi digər qanun pozuntuları barədə də məlumatlar daxil olmağa başladı. Qeyd edək ki, bu məlumatlar daha çox D.İmanovun qohumu Sədi müəllimin fəaliyyəti ilə bağlı idi. Lakin Sədi müəllim özü də bu fəaliyyəti idarə rəisinin adı ilə bağlayır. Belə ki, bir müddət əvvəl ARDNDİ-nin kadrlar şöbəsinə rəhbərlik edən Sədi müəllim təxminən 20-22 nəfər vətəndaşa onları sözügedən idarədə işlə təmin edəcəyinə və yaxud da, əgər onlar artıq ARDNDİ-nin işçıləridirlərsə - daha yüksək fəzifələrə keçmələrinə köməklik göstərəcəyinə söz vermişdi. Əlbəttə ki, bu vədlərin yerinə yetəcəyinə ümid edənlər Sədi müəllimə öz “minnətdarlıqlarını” əvvəlcədən bildirməli idilər və bildirirdilər də. Nəticədə az müddət ərzində Sədi müəllim təxminən 40 000 manat məbləğində “minnətdarlıq” toplamağa müvəffəq olur. Özünü sığortalamağı da unutmayan Sədi müəllim bu pulların böyük hissəsinin məhz Daməd İmanova çatacağını da tez-tez vurğulamağı unutmurdu.


Materialda da qeyd olunduğu kimi qısa bir vaxtdan sonra Sədi müəllimin heç kəsi işlə təmin edə bilməyəcəyi məlum oldu. Lakin “işgüzar” qohumlar aldadılmış insanların əlindən yaxa qurtarmaq üçün artıq müəyyən tədbir görmüşdülər. Tədbir isə Sədi müəllimin öz ərizəsi ilə işdən çıxaraq gözdən itməsi olmuşdu. Onsuz da müxtəlif maxinasiyalarına görə onu gec-tez işdən qovacaqdılar. Daməd müəllimdən isə heç kəs pul tələb edə bilməz. Elə bu cür də hərəkət edirlər. İndi pul verən zavallılar olublar piyada, Sədi müəllim olub atlı. Amma doklarda söhbət gedir ki, Sədi müəllimin mindiyi atın yüyənini də Daməd müəllim öz əlində möhkəm saxlayır. Bir də doklarda ARDNDİ-nin anbarlarına daxil olan müxtəlif ehtiyyat hissələrinin aqibəti barədə yaman söz-söhbət gedir. Deyirlər ki, Daməd müəllim yeni ehtiyyat hissəllərini 8-km bazarında satdırır, əvəzində isə köhnə, işlənmiş hissələri elə oradaca rənglətdirərək yeni adı ilə tabeçiliyində olan struktur bölmələrinə təhvil götürdür.


Qeyd etdiyimiz kimi bütün bu məlumatlar qəzetimizin ötən saylarında öz əksini tapmışdı. Lakin redaksiyamıza olunan müxtəlif müraciətlərdən belə qənaətə gəlmək olur ki, D.İmanovun bu yolverilməz dağıdıcı fəaliyyətini həm yuxarı instansiyaların, həm də antikorrupsiya tədbirlərinin həyata keçirilməsində məsuliyyət daşıyan orqanların gözü qarşısında həyata keçirməsinə baxmayaraq hələ də kimsənin bu fəaliyyətə son vermək niyyətində olduğu nəzərə çarpmır.

Комментариев нет:

Отправить комментарий